“Azərbaycan İncəsənət Festivalı” bölgələrdə davam edir

 

   Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Nar Mobilenin baş sponsorluğu ilə “Baku Creative Center” yaradıcılıq mərkəzi tərəfindən “Azərbaycan İncəsənət Festivalı-2013” (“Azerbaijan Art Festival”) təşkil edilib. Layihə çərçivəsində yerlərdə yaradıcılıq mərkəzinin səyyar sərgilərinin təşkili nəzərdə tutulur. Nazirliyin "Paytaxtdan bölgələrə" layihəsinin 4-cü mərhələsi olaraq təşkil edilən sərgilər bölgələrdə fəaliyyət göstərən dövlət rəsm qalereyalarının fəaliyyətində səmərəliliyi artırmaq, bölgələrdə mədəni mühiti zənginləşdirmək, Azərbaycan rəssamlarının yaradıcılığını təbliğ etmək, gənc nəslin yaradıcılıq ideyalarını reallaşdırmaq məqsədi daşıyır.

   Salyan şəhərindəki rəsm qalereyasında layihənin bölgələr üzrə ilk sərgisi keçirilib.

   Baku Creative Center”dən bildiriblər ki, üç gün davam edən sərgidə 17 rəssamın 40-dək əsəri nümayiş olunub. Layihə çərçivəsində rəssamlar Gülnarə Əlixanova və Məmməd Rəşidov ustad dərsləri keçiblər.

   Festival çərçivəsində Şirvan, Kürdəmir, Mingəçevir, Şəki, Qax, İsmayıllı və Xaçmazda da səyyar sərgilərin təşkili nəzərdə tutulub. Layihənin rəsmi informasiya tərəfdaşları “Mədəniyyət” telekanalı, "Mədəniyyət" qəzeti, “Araz FM” radiosu və "Trend" agentliyidir.

 

Mədəniyyət.- 2013.- 12 iyun.- S. 4.